Qırmızı Günbəz türbəsi
Qırmızı Günbəz Türbəsi (az.-əbcəd قیرمیزی گۆنبز توربهسی, fars. گنبد سرخ) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir.
== Türbənin tarixi ==
12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır. Cəmiyyətin zəngin təbəqələrinin artan tələbatından irəli gələn inşaat və memarlıq işləri geniş vüsət alır.